AzMİU-nun “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının təşkilatçılığı ilə “COP-29 – məqsədi, əhəmiyyəti, görüləcək işlər” adlı seminar keçirilmişdir

AzMIU-nun “Muhendis sistemleri ve qurgularinin tikintisi” kafedrasinin teskilatciligi ile “COP-29 – meqsedi, ehemiyyeti, gorulecek isler” adli seminar kecirilmisdir

AzMİU-nun “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının təşkilatçılığı ilə “COP-29 – məqsədi, əhəmiyyəti, görüləcək işlər” adlı seminar keçirilmişdir.

Seminarı açıq elan edən “ST və MKS” fakültəsinin dekan əvəzi dos. E.E.Həsənov COP29-un ölkəmiz üçün olduqca əhəmiyyətli tədbir olduğunu və bu tədbirdə bütün dünya liderlərinin bir araya gəldiyini qeyd edərək, ölkə tarixində ilk dəfə 2 həftə ərzində 100 min nəfərə yaxın xarici qonaqların Azərbaycana səfər edəcəyini vurğulamış və bu tarixi hadisənin ölkəmizin tarixində qızıl hərflərlə qeyd ediləcəyini seminar iştirakçılarının nəzərinə çatdırmışdır.  

Daha sonra seminarın məruzəçisi, “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının müdiri, prof. N.Y.Məmmədov çıxış edərək COP29-un məqsədi, əhəmiyyəti və görüləcək işlər barəsində seminar iştirakçılarına ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki,  COP “Conference of the Parties”, Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. Bundan əvvəlki tədbir COP-28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP 29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. Rəsmi olmayan xəbərlərə görə, 97,372 nümayəndə şəxsən COP28-də iştirak etmək üçün qeydiyyatdan keçib və bu, tarixdəki ən çox iştirakçının qatıldığı COP tədbiri olub. Bu rəqəm 2022-ci ildə Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən COP27-yə qatılanlardan demək olar ki, iki dəfə artıqdır. Bundan başqa COP28-ə 3,074 nəfər virtual olaraq qoşulub və beləliklə ümumi iştirakçı sayı 100 mini keçib.

Bu rəqəmlər qlobal iqlim dəyişikliyinin həllində COP konfranslarının artan əhəmiyyətini vurğulayır, çünki getdikcə daha çox ölkə, təşkilat və fərdlər tədbirdə iştirak edir.

Ardınca çıxış edən “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının  müdiri prof. Z.S.Musayev qeyd etmişdir ki, Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İqtisadiyyat Nazirliyi elan edib ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin bu sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq. Nazirliyin məlumatına görə, Azərbaycanın neft-qaz şirkəti olan “SOCAR-ın Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür”. Z.S.Musayev, COP29-un məhz ölkəmizdə keçirilməsi ölkə tarixində ən nüfuzlu tədbirlərdən biri olduğunu seminar iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra çıxış edən AzMİU-nun “Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi” kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, kimya elmləri doktoru, professor, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev seminarın təşkilatçılarına öz dərin təşəkkürünü bildirmiş, maraqlı və ətraflı çıxışa görə N.Məmmədova öz dərin təşəkkürünü bildirmişdir. İ.Mustafayev qeyd etmişdir ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Cənab Prezident İlham Əliyev  işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur.

Seminar sual-cavab və müzakirələrlə davam etmişdir.