Gənc mütəxəssisimizlə fəxr edirik

Beynəlxalq “ITACA” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistri Vüsalə Cəlilova Yunanıstanın Patras universitetində elmi-tədqiqat təcrübəsi keçir.
Vüsalə Cəlilova 2019-cu ildə AzMİU-nun “Ekologiya mühəndisliyi” ixtisasının bakalavr səviyyəsini, 2021-ci ildə isə həmin ixtisasın magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. Vüsalə Cəlilova təhsil aldığı müddətdə öz bilik və bacarığı ilə ona dərs keçən müəllimlərin diqqətini özünə cəlb etmiş, özünün təqdim etdiyi bir çox elmi yeniliklərlə fərqlənən ideyaları ilə hər kəsi valeh etmişdir. Artıq magistr səviyyəsinin ikinci kursunda təhsil alarkən bir neçə şirkətdən iş təklifi alan Vüsalə Cəlilova, fərdi keyfiyyətləri ilə çalışdığı müəssisədə kollektivin hörmətini qazanmışdır. Onu da qeyd edək ki, V.Cəlilova 4 elmi məqalənin müəllifidir.
İnanırıq ki, mütəxəssisimizin əldə etdiyi bilik və nailiyyətlər ölkəmizdə “Ekologiya mühəndisliyi” ixtisası üzrə yeni ideyaların tətbiqində mühüm bir parça olaraq, elm və təhsilin inkişafına öz töhvəsini verəcəkdir.
Gənc həmyerlimizə qürurverici və məsuliyyətli işində uğurlar diləyir, ona gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.